AZAL-ın təyyarəsi Füzuli aeroportuna ilk reysi həyata keçirib

 

Xəbər verildiyi kimi, sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanına sərnişin və yük təyyarələrinin sınaq reysi həyata keçirilib. “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsi – “Airbus A340-500” Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanından Füzuli Beynəlxalq Hava Limanına ilk reysi yerinə yetirib.

“Qarabağ” adı verilmiş təyyarə hava yolunu 35 dəqiqəyə qət edərək Qarabağ torpağındakı ilk beynəlxalq statuslu aeroporta enib. İlk reysin sərnişinləri media təmsilçiləri, blogerlər, ictimai fəallar olub.

Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən olan “Boeing 747-400” tipli hava gəmisi də həmin gün Füzuli aeroportuna eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıq-texniki, ilkin və ikinci radiolokasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.

Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə (HHİ) qülləsinin tikintisi başa çatıb. Bunun sayəsində Füzuli hava limanına İCAO və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.

Aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır. Qazanxana və digər köməkçi binaların tikintisi başa çatıb. Sentyabrın sonunda istifadəyə verilməsi planlaşdırılan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Füzuli Beynəlxalq Hava Limanını “Zəfər yolu” və Şuşa şəhərinə aparan magistral yol ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir.

Füzuli Beynəlxalq Hava Limanı üzrə layihə meneceri Səlim Akbay bildirib ki, bu, onlar üçün həm çox çətin, həm də çox asan bir layihə oldu: “Nə üçün çox çətin oldu? Biz layihəyə ilk başlayanda burada heç nə – elektrik, su yox idi, hər yerdə minalar vardı. Amma güclü Azərbaycan dövləti qısa bir zamanda bizə tikinti üçün lazım olan bütün şəraiti yaratdı. Ərazi minalardan təmizləndi, elektrik təchizatı təmin olundu və biz də çalışmağa başladıq. Bu layihə nə üçün çox asan idi? Çünki bu layihədə çalışan 1000-ə qədər insan ürəkdən, bu layihənin önəmini bilərək işlədilər. Biz heç vaxt burada işləyən insanlara “yaxşı işləyin”, “tez işləyin” deməyə ehtiyac duymadıq. Layihə dövründə bura Türkiyə və digər ölkələrdə hava limanlarında işləmiş, təcrübəsi olan mütəxəssisləri dəvət etdik. Burada 12 Türkiyə şirkəti çalışdı. Türkiyədən, Rusiyadan, Çindən, ABŞ-dan, Almaniyadan, İtaliyadan, İspaniyadan, Finlandiyadan beynəlxalq standartlara uyğun tikinti materialları və aeroport avadanlıqları gətirildi. Sentyabrın sonuna layihəni yekunlaşdıracağıq”.