Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) mədəniyyətin müxtəlif sahələrinə dair çoxsaylı kurs və dərnəklər fəaliyyət göstərir. Yerli azərbaycanlıların, habelə Daşkənd sakinlərinin istəkləri nəzərə alınaraq mərkəzdə uşaq və yeniyetmələr üçün fortepiano üzrə musiqi kursları açılır.

Kursda dərsləri azərbaycanlı peşəkar fortepianoçu, Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin məzunu Günay Əliyeva aparacaq. İştirakçılar AMM tərəfindən müvafiq nəşr və digər əyani vasitələrlə təmin edilir. Kurslarda tədrisə musiqi duyumunun və ritmin inkişafı, pianoda ifa etmək texnikası və metodikası, notla ifa qaydaları daxildir. Burada praktiki məşğələlər Azərbaycan, özbək və dünya klassiklərinin əsərləri üzrə təşkil olunacaq.

Musiqi təhsilini uğurla başa vuranlara AMM-in diplom və sertifikatları təqdim olunacaq. İstedad və bacarığı ilə seçilən uşaqlar mərkəzin layihələrinə cəlb ediləcəklər.