Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, idarənin və Cəlilabad rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə təmizlik-abadlıq aksiyası keçirilib. İməcilik tədbirləri rayonun Günəşli kəndindəki XIX əsrə aid kilsənin ərazisində aparılıb.

Masallı rayon Mərkəzi Kitabxanasında Xalq artisti, görkəmli teatr və kino aktyoru Yaşar Nurinin (1951-2012) anadan olmasının 70 illiyi ilə əlaqədar tədbir keçirilib. Kitabxananın direktoru Əlhəddin Nəzərov sənətkarın özünəməxsus koloriti ilə seçilən, lirik, komik və dramatik rolların məharətli ifaçısı kimi yaddaşlarda iz qoyduğunu bildirib.

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyindəki Yeni Güdəcühür qəsəbə Klub-icma mərkəzində “Tokio-2020” Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növündə bürünc medal qazanan Pərvin Məmmədovla görüş keçirilib.

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin Hüseynbəyli kənd kitabxana filialı “Bacarıqlı əllər” layihəsi çərçivəsində kitabxananın oxucusu Nazlı Vəlizadənin rəsm işlərindən ibarət “Qızıl əllər” adlı videoçarx hazırlayıb.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Qorxmazoba kənd və Qonaqkənd qəsəbə kitabxana filiallarının əməkdaşları tərəfindən açıq səma altında “mütaliə günü” təşkil edilib.

Şəmkir Regional Mədəniyyət İdarəsi Göygöl rayonu üzrə nümayəndəliyin təşkilatçılığı ilə Göygöl MKS-nin S.Vurğun adına Mərkəzi Kitabxanasının oxu zalında “Rəsm çəkməyi öyrənək” adlı məşğələ keçirilib. MKS-nin tərtibatçı rəssamı Xanlar Nəzərəliyev uşaqlara rəsm çəkmək üçün lazım olan ləvazimatlardan düzgün istifadə etmək və sənətin ilk sirləri haqqında məlumat verib.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Mədəniyyət Mərkəzinin Noxudlu kənd Sənətkarlıq evində Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun təşəbbüsü ilə Gəncə şəhərində yaşayıb-yaradan rəssam və dekorativ-tətbiqi sənət ustalarının bir qrupu ilə görüş keçirilib. Görüşdə Gəncə şəhərindən millət vəkili Müşfiq Cəfərov, Gəncə İctimai İştirakçılıq Məclisi idarə heyətinin üzvləri, “Cavad xan” Tarix-Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov və başqaları iştirak ediblər.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzi Kitabxanasında “Ulu öndərin siyasi irsi daim öyrənilməlidir” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbir çərçivəsində ümummilli liderin xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon MKS-nin Qaysa kənd kitabxana filialı kənddəki uşaq bağçasında “nağıl saatı” təşkil edib. MKS-nin Qullar kənd kitabxana filialında isə saz-söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə “Ələsgər ocağı” adlı “mütaliə saatı” təşkil olunub.

Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon MKS-nin Gəndəbil kənd kitabxana filialının əməkdaşları poçt şöbəsinin işçilərinə və abonentlərə səyyar kitabxana xidməti göstəriblər.

N.MƏMMƏDLİ