Uşaq və yeniyetmələrin təhsil və tərbiyəsində, sözsüz ki, dərs vəsaitləri, elmi nəşrlərlə yanaşı, maarifləndirici kitabların da böyük rolu var. Məhz belə nəşrlər sayəsində uşaq və gənclər həyata dair əlavə bilgilər qazanır, mənəvi-estetik zövqləri formalaşır, dünyagörüşləri artır.

Ölkəmizdə bu istiqamətdə çap müəssisələrinə biri də əlavə olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 10-dan çox uşaq kitabının müəllifi Çinarə Köçərli tərəfindən “Ting” nəşriyyatı təsis olunub. “Sağlam ting, saf meyvədir” devizi ilə fəaliyyətə başlayan müəssisə uşaqların yüksək mənəvi dəyərlərə, tarixi köklərimizə, milli ruhumuza uyğun yetişdirilməsinə xidmət edən çap məsullarının nəşrlərini qarşısına məqsəd qoyub.

Artıq nəşriyyatın ilk məhsulları da işıq üzü görüb. Qardaş Türkiyənin tanınmış uşaq yazarı Ufuk Tufanla birlikdə önəmli bir layihəyə imza atılıb. “Kitabi-Dədə Qorqud” dastanından ilhamlanan U.Tufanın “Bamsı Beyrək divlər ölkəsində”, “Banuçiçək pərilər diyarında” adlı nəfis tərtibatlı iki kitabı işıq üzü görüb. Səkkiz yaşdan yuxarı uşaqlara xitab edən beş fərqli dəyər haqqında hekayələri özündə əks etdirən, illüstrasiyalarla zəngin kitablarda yüksək mənəvi dəyərlər, vətənə, xalqa sevgi hissləri təlqin olunur.

“Ting” təhsil, mədəniyyət, təbiət, tibb və mənəviyyat mövzularında əyləncəli və öyrədici nəşrləri kitabsevərlərə təqdim edəcək.

HƏMİDƏ