2021-2022-ci dərs ilində Azərbaycanda bütün təhsil müəssisələrində tədrisin ənənəvi şəkildə başlanmasına qərar verilib. Amma dərslər 15 sentyabr – Bilik Günündə deyil, bir həftə sonra və ilk olaraq orta məktəblərin ibtidai siniflərində başlayacaq.

Bu barədə sentyabrın 7-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən brifinqdə məlumat verilib.

Təhsil naziri bildirib ki, ümumi təhsil müəssisələrinin I–IV sinifləri sentyabrın 22-dən ənənəvi şəkildə tədrisə başlayacaq. Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin V–XI  sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədrisə ənənəvi şəkildə start veriləcək.

Nazirin sözlərindən belə məlum olub ki, tədrisin bir-iki həftə gec başlaması həm də bu müddətdə koronavirusa qarşı vaksinasiya sayının artmasına (o cümlədən təhsil işçiləri arasında) əlavə imkan yaratmaqla bağlıdır. Emin Əmrullayev bildirib ki, tədrisin gec başlaması ilə əlaqədar keçirilməyən dərs saatları tədris ili ərzində tətil günləri hesabına bərpa olunacaq.

2021-2022-ci tədris ilində məktəblərdə bufetlər və idman zalları mərhələli şəkildə açılacaq. İlkin olaraq bölgə məktəblərində bufetlərin və idman zallarının açılması nəzərdə tutulur.

Brifinqdə təhsil müəssisələrində COVİD-19 əleyhinə görüləcək tədbirlərdən də danışılıb.

Bildirilib ki, hazırda 169 mindən çox təhsil işçisi vaksin olunub, o cümlədən 138 min nəfər vaksinin hər iki dozasını qəbul edib. Lakin bunun ümumilikdə təhsil işçilərinin neşə faizini təşkil etdiyi dəqiqləşdirilməyib.

“Ölkədə pandemiya hələ də davam edir. Vaksinasiya faizləri artdıqca vəziyyət yaxşıya doğru dəyişməlidir. Hansısa məktəblərdə və ya ali təhsil müəssisələrində yoluxma sayı arta bilər və indiki vəziyyətdə bu qaçılmazdır. Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq məhdud qapanmalara getməyə məcbur ola bilərik”, – deyə nazir bildirib.

Ali təhsil müəssisələrində ənənəvi tədrislə bərabər mühazirələr distant şəkildə təşkil edilə bilər. Nazir deyib ki, pandemiya davam etdiyi üçün 50-60 nəfərlik auditoriyalarda mühazirələrin keçirilməsi qaydalara uyğun deyil. Təhsil müəssisələrinin daxili tədris planına uyğun olaraq müəyyən dərslər distant keçirilə bilər.

Onu da qeyd edək ki, sentyabrın 7-də 2021-2022-ci dərs ilində tələbə adını qazanmış şəxslərin Təhsil Nazirliyinin portal.edu.az platformasında onlayn qeydiyyatı başlanıb. Qeydiyyat 20 sentyabradək davam edəcək.

Dövlət İmtahan Mərkəzinin sentyabrın 4-də elan etdiyi ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə görə, bu il ümumilikdə 44861 nəfər (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr)  nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 2130 nəfər daha çoxdur.

Məlumatda bildirilir ki, I ixtisas qrupu üzrə 13.2%, II ixtisas qrupu üzrə 14.59%, III ixtisas qrupu üzrə 1.32%, IV ixtisas qrupu üzrə 9.87%, V ixtisas qrupu üzrə isə 9.54% plan yeri boş qalıb. Sentyabrın 6-dan 10-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılır.

I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 4-də plan yerləri 100%, 15 ali təhsil müəssisəsində 90%-dən, 17 ali təhsil müəssisəsində isə 80%-dən çox dolub.  Qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 75%-dən çox dolub.