İşğal dövründə 900-dən çox qəbiristanlığın dağıdılması ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının arayışında əksini tapmayıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının (U.S.Commission on İnternational Religious Freedom – USCİRF) 01.09.2021-ci il tarixli “Məzarlıqların dağıdılması” (“Destruction of Cemetries”) adlı arayışının Azərbaycanla bağlı hissəsinə dair bəyanat yayıb.

Bəyanatda deyilir: “Təəssüf ki, çox vaxt olduğu kimi, bu arayışda da real vəziyyəti əks etdirməyən, ermənilərin yaydıqları yalan məlumatlara istinad olunan, Azərbaycan tərəfinin tarixi-dini, o cümlədən qəbirüstü abidələrə olan həqiqi münasibəti fonunda saxta iddialar irəli sürülmüşdür”.

Bəyanatda bildirilir ki, Azərbaycanın müstəqillik tarixində heç bir məzarlığın və ya qəbiristanlığın dağıdılması qeydə alınmayıb: “44 günlük Vətən müharibəsi müddətində belə Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin mülki obyektlərinə, habelə dini təyinatlı binalara hər hansı hücum əməliyyatı həyata keçirilməmişdir. Bu faktı xarici jurnalistlər də dəfələrlə təsdiqləmişlər.

Arayışda azərbaycanlılara məxsus məzarların və digər yerlərin dağıdılması, son müharibə dövründə erməni hərbi qüvvələrinin Tərtər rayonu ərazisində dəfn mərasimi zamanı qəsdən qəbiristanlığa atəş açması, 4 nəfərin həlak olması, 4 nəfərin yaralanması faktının “Human Rights Watch” təşkilatı tərəfindən təsdiq edildiyi vurğulansa da, qəribədir ki, həmin məlumatlar “Azərbaycan” adlı yarımbaşlıq altında qeyd edilmişdir. Bütün bu deyilənlər və arayışda “Ermənistan” yarımbaşlığının, ümumiyyətlə, olmaması sözügedən materialın nə dərəcədə ermənipərəst və qərəzli mahiyyət daşıdığının göstəricisidir”.

Bəyanatda, həmçinin qeyd olunur ki, sözügedən arayışda Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı həyata keçirməsi, Azərbaycan toponimlərini erməniləşdirməsi, yüzlərlə tarixi-mədəni abidələrlə yanaşı, mövcud olan 60-dan çox məscidi, 200-ə yaxın ziyarətgahı dağıtması və yarıuçuq məscidlərdə heyvan saxlamaqla dini dəyərləri təhqir etməsi, eləcə də Qafqaz Albaniyası mədəni irsinə və pravoslav kilsəsinə aid olan xristian məbədlərində saxtalaşdırma işləri görərək qriqoryanlaşdırması və ya dağıtması qeyd olunan sənəddə öz əksini tapmayıb.

Vurğulanır ki, işğal dövründə ümumilikdə 900-dən çox qəbiristanlıq dağıdılıb, cəsədlər çıxarılıb, təhqir olunub, qəbirüstü abidələr talan edilib. Ermənistan bütün bu cinayətkar əməlləri ilə “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası və s. beynəlxalq norma və standartların tələblərini kobud surətdə pozub.

Bəyanatda həmçinin diqqətə çatdırılır ki, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə yanaşı, İCESCO, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq təşkilatlar, eləcə də xarici jurnalistlər azad edilmiş zonalarda missiyalarını həyata keçirərkən qəbiristanlıqlara qarşı mənfur düşmənin törətdiyi vandalizm aktlarının dünya ictimaiyyəti tərəfindən pislənilməsi istiqamətində çağırışlar etmişlər: “Təəssüflər olsun ki, 30 illik işğal dövründə bəzi aidiyyəti beynəlxalq qurumlar məsələyə laqeyd münasibət bəsləmiş, Azərbaycan tərəfinin tələblərinə baxmayaraq, nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən UNESCO tərəfindən bu məsələlərlə bağlı faktaraşdırıcı missiya göndərilməmişdir”.

Dünyada vicdan azadlığı ilə bağlı vəziyyəti təhlil etmək və qiymətləndirmək kimi məsuliyyəti üzərinə götürmüş ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası sözügedən arayışının Azərbaycanla bağlı hissənin qeyri-obyektiv və qərəzli olduğunu vurğulayan Dövlət Komitəsi gələcəkdə bu sahədə hazırlanan hesabatların daha obyektiv və dürüst tərtib edilməsi üçün ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasını və digər müvafiq qurumlarını əməkdaşlığa dəvət edir.