Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisi keçiriləcək.

2020-ci ilin Vətən müharibəsində şanlı Qələbənin ildönümü münasibətilə təşkil edilən sərgi noyabrın 6-da Xətai Sənət Mərkəzində açılacaq.

Azərbaycan rəssamları bu tarixi Zəfərdən ilham alaraq sənət əsərləri yaradırlar. Sərgi Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərini tərənnüm etmək, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığı təsviri sənət əsərlərində nümayiş etdirmək məqsədi daşıyır.

Sərgidə 18 yaşdan yuxarı yerli və xarici rəssamlar, heykəltəraşlar, qrafika və akvarel ustaları əsərləri ilə iştirak edə bilər.

İştirak etmək üçün işlərin fotoları qelebehuneri@gmail.com elektron ünvanına göndərilməlidir. İşin keyfiyyətli fotosu çəkilməli (2-5MB), müəllifin ad və soyadı, işin adı, ölçüsü qeyd olunmalıdır.

Sərgidə ümumilikdə 100 əsər nümayiş ediləcək. Hər iştirakçı sərgiyə ən çox 3 əsərini təqdim edə bilər, lakin seçim əsasında sərgidə bir əsər nümayiş olunacaq.

Əsərlərin fotosunun son qəbul tarixi 10 oktyabrdır.

Əsərlər təşkilat komitəsinin formalaşdırdığı və adları qabaqcadan elan olunacaq münsiflər heyəti tərəfindən seçiləcək. Sərgidə iştirak edəcək rəssamların siyahısı oktyabrın 15-də Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin rəsmi saytı və sosial media hesablarında paylaşılacaq.

Seçilmiş əsərlər oktyabrın 30-dək Xətai Sənət Mərkəzinin 3-cü mərtəbəsindəki sərgi zalına təhvil verilməlidir.

Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər.