“Debüt” Film Studiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “İNTERACT Online” proqramı davam edir. Proqram çərçivəsində sentyabrın 9-da növbəti onlayn ustad dərsi təşkil olunub.

“Zoom” proqramı vasitəsilə gerçəkləşən tədbiri tanınmış rejissor Teymur Hacıyev açaraq iştirakçıları salamlayıb. Sonra sözü “Qızıl palma budağı” mükafatı laureatı, rejissor Sameh Alaaya verib.

S.Alaa rejissor və ssenarist olaraq karyerasının başlamasından, bu sahə üzrə təhsilindən söz açıb. O, Qahirədə başlayan karyerasının Parisdə necə yüksəlişə keçməsindən, habelə qısametrajlı film çəkilişi üçün rejissorun nələrə diqqət etməli olması barədə fikirlərini bölüşüb. Həvəskar və yeni başlayan rejissorlara çəkiliş prosesi zamanı yaşadığı problemlərin həlli ilə bağlı öz tövsiyələrinin verib. Dünya şöhrətli rejissor iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıb.
Layihə üzrə növbəti ustad dərsi oktyabr ayında BAFTA (Britaniya Kino və Televiziya Sənəti Akademiyası) mükafatçısı, rejissor, ssenarist Henry Hyuzun iştirakı ilə təşkil olunacaq.

Qeyd edək ki, “Debüt” Film Studiyası 1987-ci ildə görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyev (1941-2021) tərəfindən yaradılıb. Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən studiya qısa və tammetrajlı debüt filmlərinin çəkilişi, həmçinin kinematoqrafçılar üçün təhsil proqramları və Azərbaycan istehsalı olan audiovizual məhsulların beynəlxalq bazarda təbliğini həyata keçirir.