Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirlərinin toplandığı “Açıq pəncərə” kitabı fin dilində nəşr olunub. Kitab Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Finlandiyanın “Palladium kirjat” nəşriyyatında çapdan çıxıb.

Şeirlər toplusu oxuculara ruhun, fikrin, duyğunun təzahürü olan, peşəkarlıqla qələmə alınan yaradıcılıq nümunələrini çatdırır, onları poeziyanın səmimiyyətinə bir daha inandırır.

Dövlət Komitəsindən bildirilib ki, kitabın ön sözündə Leyla Əliyevanın bioqrafiyası və lirikası barədə oxuculara məlumat verilir, onun sosial və ictimai fəaliyyətindən bəhs olunur.

 “Açıq pəncərə” kitabını fin dilinə Helsinkidə yaşayan tərcüməçi və yazıçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Tahirə Cəfərova tərcümə edib. Tahirə Cəfərova Finlandiya Yazıçılar İttifaqının, CEATL Avropa Tərcüməçilər Birliyinin üzvüdür. Uzun illər Tampere Universitetində Ədəbiyyat və İncəsənət kafedrasında çalışıb. Bir neçə fin şairinin uşaq şeirlərini və həmçinin bir sıra pyesləri Azərbaycan dilinə tərcümə edib.

Diasporumuzun fəal təmsilçisi Tahirə Cəfərova Finlandiyada Azərbaycan ədəbiyyatını tanıtmaq üçün xeyli işlər görüb, bir sıra ədəbi nümunələri fin dilinə tərcümə edib.