Aksiyaya “Karabakh is Azerbaijan!” platforması da qoşulub

 

Məlum olduğu kimi, bu ilin əvvəlindən Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşəbbüsü ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılacaq kitabxanaların fondlarına dəstək məqsədilə aksiya həyata keçirilir. Ötən müddətdə kitab toplama aksiyasına müxtəlif təşkilatlar, eləcə də mədəniyyət, elm xadimləri, yazarlar qoşulub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılan “Karabakh is Azerbaijan!” Milli Platforması da ölkəmizin gənclərini, eləcə də xaricdə yaşayan həmvətənlərimizi bu istiqamətdə fəaliyyətə təşviq etmək üçün yeni layihəyə başlayıb.

Dövlət Komitəsindən verilən məlumata görə, “Karabakh is Azerbaijan!” Milli Platformasının təşəbbüsü ilə kitablar könüllü şəkildə toplanacaq və çeşidlənəcək. Daha sonra kitablar işğaldan azad olunmuş rayonlarda açılacaq kitabxanalara hədiyyə ediləcək.

Platformanın koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, artıq Azərbaycanda, həmçinin Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən fəallar 1000-dən artıq kitab toplayıblar.