Büdcə layihəsi sentyabrın 15-dək Nazirlər Kabinetinə təqdim ediləcək

 

2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da ümumi daxili məhsulun (ÜDM) 32,5%-ni təşkil edəcək.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, 2022-ci il üçün büdcə gəlirlərinin proqnozlaşdırılan həcmi 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8% çoxdur. Gəlirlərin 52,4%-i neft sektorunun, 47,6%-i qeyri-neft sektorunun payına düşəcək.

Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7%-ni Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 14,3%-ni isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmaların təşkil edəcəyi proqnozlaşdırılır. Vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaların artımını 2021-ci ilin təsdiq olunmuş göstəricisinə (Mərkəzi Bankın mənfəətindən ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert çıxılmaqla) nəzərən 1 milyard 844 milyon manat və ya 19,3% proqnozlaşdırmağa imkan verir.

2022-ci ildə dövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5% artıq olmaqla 28 milyard 974 milyon manat məbləğində (ÜDM-in 35,6%-i) proqnozlaşdırılıb. Xərclərin 68,7%-ni cari xərclər, 24,7%-ni əsaslı xərclər, 6,6%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.

Qeyd olunan dövrdə əsasən əməyin ödənişi və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5 %-lik artımı, əsaslı xərclərin 14,1%, dövlət borcuna xidmətlə bağlı xərclərin isə 13% azalması proqnozlaşdırılır.

Beləliklə, 2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilin təsdiq edilmiş göstəricisindən 17,6% az olmaqla 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 3,2%-ni təşkil edəcək. Kəsir vahid xəzinə hesabının qalığı (45,2%), daxili və xarici borclanma (27,3%), layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər (23,1%) və özəlləşmədən daxilolmalar (4,4%) hesabına maliyyələşdiriləcək.

Maliyyə Nazirliyindən o da bildirilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim ediləcək.