Sentyabrın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Türk Şurasının gündəliyində duran məsələlər, qarşıdakı tədbirlər, xüsusilə də cari ildə İstanbulda keçiriləcək zirvə görüşünə hazırlıq məsələləri ətraflı müzakirə edilib.

Bağdad Amreyev Bakıda keçiriləcək Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin görüşü və biznes forumunun gündəliyi barədə məlumat verib. Baş katib Türk Şurasının bütün iştirakçı dövlətlərindən şirkətlərin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası prosesində iştirakda maraqlı olduqlarını bildirib, çoxsaylı iş adamının Bakıda keçiriləcək biznes foruma qatılacağını vurğulayıb.

Nazir Ceyhun Bayramov Türk Şurasının görüşünə və biznes forumuna uğurlar arzulayıb. Azərbaycanın Türk Şurası çərçivəsində əməkdaşlığa yüksək önəm verdiyi vurğulanıb.