Argentina telekanalında azad olunmuş ərazilərimiz haqqında sənədli film

 

Argentinanın onlayn xəbər portalı və televiziya kanalı kimi fəaliyyət göstərən “Realpolitik”in çəkiliş qrupu tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən hazırlanan sənədli film bu ölkənin ictimaiyyətinə təqdim edilib.

Azərbaycanın Argentinadakı Səfirliyindən bildirilib ki, “Qarabağın məcburi köçkünləri. Torpağın dəyəri” adlı filmdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixi kökləri barədə ümumi məlumat verilib. Həmçinin Ağdam və Füzuli rayonlarında işğal müddətində Ermənistan tərəfindən dağıdılmış tarixi və mədəni abidələr, dini məbədlərdən görüntülər təqdim edilib.

İzləyicilər, eyni zamanda 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından uzaqda yerləşən Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələrinin ağır artilleriyadan atəşə tutulması, insan tələfatı və mülki infrastrukturların dağıdılması barədə məlumatlandırılıb.

Diqqətə çatdırılır ki, hazırda Azərbaycan hökumətinin əsas məqsədi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən bərpası, məcburi köçkünlərin doğma torpaqlarına geri dönməsini təmin etməkdir. Filmdə məcburi köçkünlərlə müsahibələr də təqdim edilir.