Dördüncü dəfə keçirilən Stokholm Beynəlxalq Moda Sərgisində (Stockholm İnternational Fashion Fair) Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Qarabağ Azərbaycandır!” kolleksiyası videoformatda təqdim edilib.

Təqdimatdan əvvəl Gülnarə Xəlilova qonaqları salamlayaraq kolleksiyanın Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi şərəfinə yaradıldığını söyləyib. Onun sözlərinə görə, kolleksiyadakı hər bir obraz işğaldan azad edilmiş şəhərlərimizə həsr olunub.

Bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Bolqarıstan və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə təqdim edilib.

Qeyd edək ki, moda sərgisi çərçivəsində İsveç Milli Muzeyində və “Volvo Studio Stockholm”da 20-dən çox ölkədən dizaynerlərin kolleksiyaları təqdim olunub.