Milli atlas və plan hazırlanıb

 

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəliyi Azərbaycanda su ehtiyatlarından səmərəli istifadəyə dair ümumi müzakirələr çərçivəsində kəhriz konsepsiyasının əsaslarının və “Kəhrizlər üzrə Milli Baş Plan”ın hazırlanmasında iştirak edir.

Sentyabrın 7-də nümayəndəlik bu mövzunda ikinci onlayn seminar keçirib. Seminarda layihə tərəfdaşları, mütəxəssislər, dövlət təşkilatları və təhsil qurumlarının nümayəndələri iştirak ediblər.

Seminar zamanı iştirakçılara kəhrizlərin bərpası, “Kəhriz Araşdırma və Məlumat Mərkəzi”nin fəaliyyəti və Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə) kəhriz mühəndisliyi kursunun tədrisi haqqında məlumat verilib. Layihə qrupu ilə sıx əməkdaşlıq şəraitində müstəqil ekspertlər tərəfindən hazırlanmış Azərbaycandakı kəhrizlər haqqında “Milli Atlas”ın (iki dildə) və “Kəhrizlər üzrə Milli Baş Plan”ın təqdimatı keçirilib, müzakirələr aparılıb.

BMqT-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Qyorgiyev Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin əhəmiyyətini bir daha vurğulayıb: “Biz ümid edirik ki, yaxın gələcəkdə kəhriz su sistemlərinin Azərbaycan xalqının rifahına xidmət edən milli su idarəetmə siyasətinin bir hissəsi olduğunu görəcəyik. KOİCA-nın dəstəklədiyi hazırkı layihə çərçivəsində açılmış Kəhriz Tədqiqat Mərkəzi, müvafiq internet saytı, kəhrizlər haqqında çap edilmiş təhsil kitabı, kəhrizlərin milli atlası və baş planı buna şərait yaradacaq”.

Qeyd edək ki, layihədə kəhrizlərin bərpası, kəhriz mühəndisliyi və kankanların bacarıqlarının inkişafı, kəhrizdən istifadə və sudan səmərəli istifadə barədə ictimaiyyətin məlumatlandırılması kimi məsələlər nəzərdə tutulur.