AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya Ağstafa rayonu ərazisindəki Neolit dövrünə (e.ə. VI minillik) aid Çağrıtəpə yaşayış yerində keçən il başlanmış genişmiqyaslı arxeoloji qazıntı işlərini bu yay mövsümündə davam etdirib. 2013-cü ildə ekspedisiyanın abidədə apardığı ilk qazıntı işləri ilə yaşayış yerinin Neolit dövrünə, Şomutəpə arxeoloji mədəniyyətinə aid olduğu müəyyən edilib.

Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib ki, son iki mövsümdə Çağrıtəpədə 200 kvadratmetr sahədə qazıntı işləri aparılıb. Məlum olub ki, burada Neolit dövrü yaşayış yerinin üstündə, təpənin şərq tərəfində minilliklər sonra – VIII-X əsrlərdə yaşayış məskəni salınıb. Qazıntı zamanı həmin dövrə aid saxsı qab nümunələri, dən daşları, ocaq yerləri aşkar edilib. Buna görə də üst qatlarda Neolit dövrü və Orta əsrlərə aid qalıqlar qarışıq aşkar edilib.

Çağrıtəpədə Neolit dövrünə aid çiy kərpic və möhrə ilə inşa edilmiş dairəvi-oval planlı tikili qalıqları, eyni zamanda təsərrüfat quyuları və ocaq yerləri aşkarlanıb. Kəsici alətlərin əksəriyyəti obsidiandan (vulkanik şüşədən) hazırlanıb. Bunlar oraq dişləri, qaşov, iskənə, yonqar, kəsər tipli alətlərdir. Çaxmaqdaşından da az sayda eyni tipli alətlər hazırlanıb. Daş alətlər dən daşları, sürtgəclər, həvəng dəstə və s. tapıntılardır. Ərazidən heyvan sümüklərindən düzəldilmiş deşici alətlər – bizlər də aşkar edilib.

Maraqlı tapıntılar sırasında alət hazırlanması üçün tədarük edilmiş obsidian lövhələrin və qəlpələrin dəfinələrini qeyd etmək olar. Qazıntı sahəsində bir neçə yerdə belə dəfinələr aşkarlanıb.

Çağrıtəpədə aparılmış qazıntılarla müəyyən edilib ki, abidənin Neolit dövrü sakinləri dairəvi-oval quruluşlu, bir-birinə yaxın, sıx tikilmiş evlərdə yaşayıb, əkinçilik, maldarlıq və ev sənətkarlığı ilə məşğul olublar. Ərazidə qazıntı işləri davam etdiriləcək.