Həştərxan şəhərində növbəti mediaforum keçirilir

 

Sentyabrın 10-11-də Rusiyanın Həştərxan şəhərində  VI Xəzər Mediaforumu keçiriləcək. Ənənəvi tədbir bu il “Rossotrudniçestvo” və “Rosturizm” federal agentliklərinin, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi, Həştərxan Vilayətinin Hökuməti, “Xəzər-Avrasiya” Beynəlxalq və İctimai-Siyasi Araşdırmalar Mərkəzi” Assosiasiyası və “Şimal-Cənub” Politoloji Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Xəzəryanı Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan, eləcə də regiona qonşu olan Özbəkistandan media nümayəndələri, politoloq, ekspert və analitikləri bir araya gətirən tədbir regional və beynəlxalq jurnalistikanın inkişafının yeni istiqamətlərinə dair təcrübə mübadiləsi və region ölkələri üçün vahid informasiya məkanının yaradılması məsələlərinin müzakirəsi üçün əlverişli məkan olacaq.

Gündəliyin əsas hissəsi Xəzəryanı dövlətlərin və Rusiyanın sərhədyanı ərazilərinin etnik brendləri əsasında turizm istiqamətinin inkişafı,  etnoturizm və ekoloji materialların yaradılması və mübadiləsi ilə bağlı praktiki tövsiyələr və layihə təşəbbüslərinin hazırlanması məsələlərinə həsr ediləcək. “Rəqəmsal dövrdə trevel jurnalistika”, “Mədəni kodun qorunub saxlanılması. Medianın rolu” və “Yeni informasiya kommunikasiyaları sistemində maarifçi media layihələri” adlı panel toplantıları nəzərdə tutulub.

Forum ərəfəsində, sentyabrın 9-da “Rossotrudniçestvo”nun “Yeni nəsil” gənclər proqramı çərçivəsində tədbirlər və “Xəzər Könüllülər Məktəbi”nin iclası keçirilib.