Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Mədəniyyət kəndlərdə” adlı yeni layihəyə başlanılıb. Masallı rayonunun Mahmudavar kəndində keçirilən ilk tədbirdə rayon rəsmiləri, mədəniyyət işçiləri, media mənsubları, yerli sakinlər iştirak ediblər.
Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının rejissoru Cəmaləddin Əliyev layihənin ilk tədbiri üçün Mahmudavar kəndinin təsadüfən seçilmədiyini, bölgənin zəngin mədəni ənənələrini yaşadan “Halay” folklor ansamblının burada yaradıldığını bildirib.
Regional idarənin rəisi Bəxtiyar Qılıncov qeyd edib ki, layihənin məqsədi kəndlərdəki müəssisələrin fəaliyyətində müsbət irəliləyişlərə nail olmaq, istedadlı gənclərin üzə çıxarılaraq yaradıcı imkanlarının dəstəklənməsidir.
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova tədbirin təşkilində əməyi keçənlərə minnətdarlıq edib və bu kimi layihələrin kəndlərdə mədəniyyətin inkişafına təkan verəcəyini vurğulayıb.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva Mahmudavar kəndinin tarixi və arxeoloji abidələri, coğrafi mövqeyi, təsərrüfat həyatı, ziyalıları, mədəni mühiti, o cümlədən folklor irsi və ənənələri barədə məruzə ilə çıxış edib.
Tədbirin bədii hissəsində “Halay” folklor ansamblının ifasında Vətən sevgisi və şəhidlik zirvəsini vəsf edən bayatılar söylənilib, tələbə və məktəblilər vətənpərvərlik şeirləri səsləndiriblər. Layihədə iştirak edən mədəniyyət müəssisələri isə qədim əşyalar, müxtəlif xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tədbirə rəng qatıblar.
Sonda mədəniyyət tədbirlərində fəal iştirak edən bir qrup tələbə və məktəbliyə regional idarənin təşəkkürnaməsi təqdim olunub.