Sentyabrın 11-12-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda “Moskva-Bakı: qəlblər qoşa döyünür “ adlı tədbir keçiriləcək. Tədbir Moskvanın əsasının qoyulmasının 874-cü ildönümünə həsr olunmuş ənənəvi bayram – “Şəhər günü” çərçivəsində təşkil ediləcək.

Tədbirin qonaqları sərgi-yarmarka zonasında Azərbaycan məhsulları ilə tanış olmaq, məşhur Azərbaycan çayının dadına baxmaq, milli üslubda tərtib olunmuş foto zonasında yaddaqalan fotolar çəkdirmək imkanı əldə edəcək, Bakının siluetlərinin və Moskvanın görməli yerlərinin rəsmlərini çəkmək bacarıqlarını sınaqdan keçirə biləcəklər.

Milli xoreoqrafiya kollektivlərinin ifasında Azərbaycan rəqsləri və xalq çalğı alətlərində canlı musiqi heç bir qonağı laqeyd qoymayacaq. Azərbaycanın paytaxtı və respublikanın tarixi yerləri üzrə virtual tur bütün sərhədləri qısa müddət ərzində silmək və qonaqpərvər ölkəmizdə olmaq üçün unikal şans olacaq.