Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Macarıstanın Debretsen Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

ATMU-dan bildirilib ki, memorandumda tərəflər arasında tələbə mübadiləsi, akademik və layihə əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur.

Debretsen Universiteti mühəndisliyin müxtəlif sahələri, biznes, kənd təsərrüfatı ilə əlaqəli sahələr, tibb elmləri, humanitar, sosial və dəqiq elmlər üzrə ixtisaslaşıb. 1538-ci ildə yaradılan universitet Macarıstanın ən qədim ali təhsil ocağıdır.