“Suğra və oğulları” Cənubi Koreyaya, “Qırmızı” isə Rusiyaya gedir

 

Rejissor İlqar Nəcəfin “Suğra və oğulları” filmi 6-15 oktyabr tarixində Koreya Respublikasında keçiriləcək XXVI Busan Beynəlxalq Film Festivalında iştirak edəcək. Bu il festivalın “Kim Jiseok” mükafatına namizəd qismində seçilmiş yeddi ekran əsəri arasında “Suğra və oğulları” da yer alıb. Busan festivalında, həmçinin filmin ilk dünya premyerası olacaq.

Bakı Media Mərkəzi, “Butafilm”, “Arizona Productions” (Fransa) və “Salarfilm”in (Almaniya) birgə istehsal etdiyi filmin ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov və Roelof Jan Minneboa (Niderland), quruluşçu operatoru Ayhan Salar (Almaniya), səs rejissoru Michael Menzkedir (Almaniya). Filmin əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb.

Suğra iki oğlu ilə birgə dağ kəndində yaşayır. Onun əri 1941-1945-ci il müharibəsində iştirak edir. Suğra uzun müddətdir ərindən xəbər ala bilmir, bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqi gəlir. Ərindən sonra oğlunu da itirəcəyindən narahat olan Suğra tərəddüd edir və böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra o, ağır əziyyətlərlə üz-üzə qalır. Sevgi və nifrətlə dolu həyat onu gözləyir...

***

Rejissor Tahir Tahiroviçin “Qırmızı” filmi isə 19-24 sentyabr tarixində Rusiyanın Samara şəhərində XXVI Beynəlxalq “Uşaqlar üçün kino” festivalında nümayiş olunacaq.

Festivalın saytında verilən məlumata görə, tamaşaçıları geniş beynəlxalq proqram gözləyir. Festivalda Azərbaycan, Norveç, İsveç, İtaliya, Koreya Respublikası, Belarus və s. ölkələr təmsil olunacaq.

Ssenari müəllifi Sevda Sultanova, operatoru Əminə Həsənli olan “Qırmızı” filmi uzaq bir dağ kəndində yaşayan məktəbli qızdan bəhs edir. Valideynləri ayrıldığına görə evdə tək qalan qızın yeganə arzusu kəndin palçıqlı yollarında təzə qırmızı ayaqqabısını geyinməkdir. Ancaq qırmızı ayaqqabı geyinmək ona qismət olmur...

Onu da bildirək ki, “Uşaqlar üçün kino” festivalı çərçivəsində 2011-ci ildən Rusiya Mədəniyyət Nazirliyi və “Radost” xeyriyyə fondunun dəstəyi ilə çətin həyat şəraitində olan uşaqlar üçün məxsusi “Ümid artımı” proqramı da reallaşdırılır.

LALƏ