Daşkənddə Maqsud Şeyxzadə haqqında sənədli filmin təqdimatı

 

Daşkənd şəhərinin Ədiblər xiyabanında “Maqsud Şeyxzadə: azadlığa can atan şair” adlı sənədli filminin təqdimatı keçirilib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, Azərbaycan diasporunun üzvləri, tələbələr, media nümayəndələri iştirak edib.

Özbəkistanın “First Art Media” şirkəti, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin dəstəyi ilə hazırlanan filmin bir hissəsinin çəkilişləri böyük şairin vətəni Azərbaycanda, doğulduğu Ağdaş rayonunda aparılıb.

Mərasimi Özbəkistanın Nəqliyyat Universitetinin rektoru Adil Əbdürrəhmanov açaraq özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, ədəbiyyatşünas, pedaqoq, tanınmış soydaşımız Maqsud Şeyxzadənin (1908-1967) həyat və yaradıcılığı haqqında məlumat verib.

Akademik Naim Kərimov M.Şeyxzadənin dram əsərlərini Şekspirin “Hamlet”, “Otello”, “Kral Lir” əsərləri ilə müqayisə edib və onun “Mirzə Uluqbəy”, “Cəlaləddin Manguberdi” kimi əsərlərinin nəinki Özbəkistanda və Azərbaycanda, bütün Şərq aləmində şöhrət qazandığını bildirib: “Təsadüfi deyil ki, böyük özbək şairi Şükrulla M.Şeyxzadəni “Özbək ədəbiyyatının Şekspiri” adlandırıb”.

AMM-in direktoru Samir Abbasov M.Şeyxzadənin öz yaradıcılığı ilə iki xalq arasında dostluq körpüsü yaratdığını, Hüseyn Cavid, Abdulla Şaiq kimi klassiklərimizdən dərs alan ədibin əsərlərinin özbək ədəbiyyatının inciləri siyahısına daxil edildiyini bildirib.

“Özbəkkino” Milli Agentliyi baş direktorunun birinci müavini Şuxrat Rizayev bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə abidələri Ədiblər xiyabanında ucaldılan klassik şair və yazıçılar haqqında filmlər çəkilir, onların əsərləri yenidən nəşr edilir. M.Şeyxzadə də onlardan biridir.