Milli Kitabxananın metodik vəsaiti

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası 27 sentyabr – Anım Günü ilə bağlı “Şəhidlərimizi ehtiramla yad edirik!” adlı metodik vəsaiti virtual rejimdə istifadəçilərə təqdim edib. Metodik vəsait 2020-ci il Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunub.

Vəsait Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncamı ilə açılır. Həmçinin dövlət başçısının 2020-ci il sentyabrın 27-də xalqa müraciəti, “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” sərəncamı, digər sənədlər metodik topluda yer alıb.

“Tarixin ən şərəfli səhifəsi – İkinci Qarabağ müharibəsi” adlı materialda Qarabağ probleminin, ermənilərin yurd yerlərimizə olan iddialarının tarixinə qısa ekskurs edilir, otuzillik işğala son qoyan 44 günlük Vətən müharibəsindən söz açılır.

Metodik vəsaitdə Anım Günü ilə əlaqədar kitabxanalarda keçiriləcək tədbirlər – sərgilər, müsabiqələr və s. haqqında tövsiyələr verilib, nümunələr, müvafiq biblioqrafik mənbələr diqqətə çatdırılıb.

“Əlavələr” bölməsində İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin əziz xatirəsinin rəmzi olan Xarıbülbül, Vətən müharibəsində iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi üçün təsis edilmiş orden və medallar haqqında məlumatlar da öz əksini tapıb.

Həmçinin mövzu ilə bağlı kitabların və dövri mətbuatda dərc olunan məqalələrin biblioqrafiyası verilib.

Metodik vəsaitlə bu linkdə tanış olmaq olar: http://anl.az/down/anim_gunu.pdf