Gürcüstanın Marneuli (Borçalı) şəhərindəki “Çay evi”ndə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunmuş intellektual yarış keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə gerçəkləşən məktəbliklərin iştirak etdiyi layihənin rəhbəri Emin Əhmədov gənclərə Nizami Gəncəvinin yaradıcılığı barədə ətraflı məlumat verib. O, gənclərin Nizami yaradıcılığına marağını yüksək qiymətləndirib.

Tədbirin aparıcısı, gənc könüllü Türkan Məmmədova bildirib ki, könüllülər tərəfindən təşkil olunan yarışmanın əsas məqsədi yeniyetmə və gənclərin Nizami Gəncəvi yaradıcılığına, eləcə də, Azərbaycan ədəbiyyatına marağını artırmaqdır.

Tədbirdə 15 yeniyetmə 5 komandada mübarizə aparıb. Əvvəlcə onlar Azərbaycan ədəbiyyatına aid sualları cavablandırıblar. Məktəblilər Nizami Gəncəvinin şeirlərindən, “Xəmsə”dən parçalar söyləyiblər.

Sonda birinci yeri tutan “Ədəbiyyatçılar” komandası üzvlərinə hədiyyələr təqdim olunub.