Dünya Birləşmiş Şəhərlər və Yerli İdarələr Təşkilatının Türkiyənin İzmir şəhərində keçirilən Mədəniyyət zirvəsinin bağlanış mərasimi Türk dünyasını təmsil edən solistlərin iştirak etdiyi konsert proqramı ilə yadda qalıb.

Konsert Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY və İzmir Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Solistlər TÜRKSOY Gənclər xoru, İzmir Dövlət Opera və Balet Xoru və “Əl-ələ” musiqi simfonik orkestrinin müşayiəti ilə gözəl musiqi nömrələri ifa ediblər. “Yunus Əmrə və Türk dili İli” çərçivəsində təqdim olunan proqram Ahmet Adnan Saygunun “Yunus Əmrə” oratoriyasından bir bölümlə başlayıb.

Türkdilli ölkələrin sənətçilərinin konsertində Azərbaycanı vokalçı Çinarə Şirinova təmsil edib.

“Zəngin mədəniyyət proqramları ilə Yunus Əmrənin humanizmini və dünya tolerantlıq mesajlarını gələcək nəsillərə çatdırırıq”, – deyə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov konsertlə bağlı açıqlamasında vurğulayıb.

Qeyd edək ki, pandemiya səbəbindən çıxışlarına bir müddət ara verən TÜRKSOY Gənclər xoru bu yaxınlarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Türkiyənin şəhərlərində qastrol səfərində olub.

Mehparə SULTANOVA
Ankara