Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası əzəli Azərbaycan torpaqları olan doğma Qarabağımızın qədim tarixinin, füsunkar təbiətinin, rəngarəng mədəniyyətinin təbliği məqsədilə maarifləndirici, təbliğat xarakterli layihələrini davam etdirir. Bu qəbildən növbəti videomaterial “Mədəniyyət beşiyi Qarabağ” başlığı altında təqdim edilib.

Videoçarxlarda Qarabağın mədəniyyət abidələri olan Şuşa qalası, Şahbulaq qalası, Xurşudbanu Natavanın ev-muzeyi və s. haqqında məlumat verilir. Materialda Qarabağ xalçaçılıq sənətinin tarixi, inkişaf mərhələləri, növləri və individuallığı, dünyada ona verilən qiymətdən bəhs edilir.

“Qarabağ şer, sənət, musiqi, muğam, hikmət beşiyidir” başlığı altında hazırlanan materialda isə izləyicilər Qarabağın tanınmış musiqiçiləri, xanəndələri, bəstəkarları, söz ustadları, Qarabağ ədəbi mühitinin ən görkəmli simaları olan Ə.Haqverdiyev, F.Köçərli, Y.Çəmənzəminli və başqaları haqqında məlumat əldə edə bilərlər.

İstifadəçilər hazırlanan materiallara kitabxananın “İnstagram” səhifəsində baxa bilərlər.