İşğaldan azad olunmuş torpaqlarda bərpa və quruculuq işləri, ərazilərin minalardan təmizlənməsi prosesi ilə yanaşı, otuz ilə yaxın həsrətlə yaşayan insanların doğma yurd yerlərinə səfərlərinə də şərait yaradılır. Hələlik məlum çətinliklər, təhlükəsizlik məsələləri nəzərə alınaraq ayrı-ayrı rayonlara qrup şəklində səfərlər təşkil edilir.

Sentyabrın 12-də Şuşa sakinlərinin daha bir qrupu illərin ayrılığından sonra doğma şəhərə ayaq basıb. Səfər Prezidentin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İdarə Heyətinin sədri Məftun Abbasov şuşalıları salamlayaraq bildirib ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən qədim şəhərimizdə sakinlərin layiqli, gözəl həyat yaşamaları üçün hər bir şərait yaradılacaq: “Şuşa tezliklə dirçələcək və inkişaf edəcək. Böyük qayıdış başlayır, nəhəng quruculuq işləri sürətlə davam edir”.

Daha sonra Şuşa sakinləri Cıdır düzü, Qala divarları, Natəvan bulağı, Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Şuşanın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Xurşudbanu Natəvan və Bülbülün güllələnmiş heykəllərini ziyarət ediblər.

***

Sentyabrın 11-12-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) təmsilçilərinin də böyük bir qrupu Şuşa şəhərində olub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə təşkil olunan səfərdə ümumilikdə 300-dək QHT təmsilçisi iştirak edib. Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Şuşada aparılan quruculuq işləri barədə nümayəndə heyətinə məlumat verib.

QHT təmsilçiləri tarixi məkanlara baş çəkib, ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış mədəni abidələr, inzibati və yaşayış binalarına baxış keçirib, aparılan təmir-bərpa işləri ilə yaxından tanış olublar.

***

Ötən həftəsonu Ağdam sakinlərinin də işğaldan azad olunmuş torpağa növbəti səfəri təşkil olunub. Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşkil etdiyi səfər zamanı sakinlər doğma şəhərin otuzillik işğaldan sonrakı xarabalıqları – Dram teatrının və Çörək muzeyinin qalıqları ilə tanış olub, Ağdam Cümə məscidini, İmarət kompleksi, Qiyaslı məscidi və Şahbulaq qalasını ziyarət ediblər.