Masallı Regional Mədəniyyət İdarəsi R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Rayon Gənclər və İdman İdarəsi və rayon “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Tariximizi öyrənək və təbliğ edək” mövzusunda Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Milli Məclisin deputatı Əminə Ağazadə ilə görüşüb. Söhbət zamanı rayonun mədəniyyət müəssisələrində həyata keçirilən layihələr, Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və s. məsələlərdən bəhs edilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Girdah kənd kitabxana filialı tərəfindən açıq səma altında “mütaliə günü” təşkil edilib. MKS-nin Söhüb kənd kitabxana filialı isə “Sehrli uşaq dünyası” başlığı altında tədbir keçirib. Quba rayon Zərdabi qəsəbə kitabxanası Folklor evi ilə birlikdə yerli şair Mövlud Ağammədinin 60 illiyi ilə əlaqədar tədbir təşkil edib.

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzində gənc rəssam Nigar Məmmədovanın sərgisi keçirilib. Qax rayon Ağçay kənd kitabxanasında “Yay məktəbi” layihəsi çərçivəsində Nizami Gəncəvinin əsərləri əsasında çəkilən “Xeyir və Şər”, “Fitnə” və “Kərpickəsən kişinin hekayəsi” cizgi filmləri nümayiş etdirilib.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı rayon Mirzə Ələkbər Sabirin Ev-Muzeyində yazıçı Novruz Gəncəlinin (1921-1995) 100 illiyi ilə əlaqədar “Bəşəriyyətə səslənən şair” mövzusunda dəyirmi masa keçirilib.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 136 illiyi və 18 sentyabr – Milli Musiqi Günü münasibətilə “Şərqdən doğan opera günəşi” adlı sərgi təşkil edilib.

Lənkəran Regional Mədəniyyət İdarəsi O.Kazımi adına Astara rayon Uşaq musiqi məktəbinin müəllimi Şamil Bayramovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib. Ş.Bayramova regional idarənin fəxri fərmanı təqdim edilib.

N.MƏMMƏDLİ