Səsi ilə qəlblərdə yaşayacaq Yaqub Zurufçu bu dünyadan köçdü

 

Gözəl səs sahibi, oxuduğu nəğmələrlə milli tarixi yaddaşın nisgilli səhifələrini unutmağa qoymayan tanınmış müğənni, Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu 14 sentyabr 2021-ci ildə, 65 yaşında vəfat edib.

Yaqub Qulu oğlu Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərində anadan olub. Mədrəsədə təhsil aldığı dövrdən xanəndəliyə maraq göstərib. Şəhərdə təşkil olunan konsertlərdə məşhur “Cücələrim” mahnısının gözəl ifası ilə tamaşaçıların rəğbətini qazanıb. 15 yaşında Təbriz televiziyasında ilk dəfə çıxış edərək “Evləri var xana-xana”, “Qoy gülüm gəlsin, ay nənə”, “Dilbər” xalq mahnılarını oxuyub və daha geniş çevrədə tanınmağa başlayıb.

19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsil almağa başlayıb. Ali təhsillə yanaşı, Tehran operasının xorunda da çıxış edib. 1980-ci ildə Almaniyaya köçən Yaqub Zurufçu Hamburq şəhərində musiqi təhsilinə başlayıb. Vokal sənəti üzrə diplom alandan sonra ABŞ-ın Mayami Universitetində vokal sənəti üzrə magistr təhsili alıb.

Harada yaşamasından asılı olmayaraq, Azərbaycana gəlmək qəlbi bütöv Vətən eşqi ilə döyünən müğənninin ən böyük arzularından idi. Almaniyada ifa etdiyi və bütün dünya azərbaycanlılarının dillər əzbərinə çevrilmiş “Ayrılıq” (sözləri – Fərhad İbrahimi, musiqisi – Əli Səlimi) mahnısı müğənniyə böyük şöhrət qazandırmışdı. Milli azadlıq hərəkatının qaynar vaxtında, 1989-cu ildə Xalq artisti Gülağa Məmmədovun dəvəti, Vətən Cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn sənətkar 20 il sonra müstəqil ölkəmizin vətəndaşlığını alır. Həmin il musiqi mədəniyyətimizin inkişafına verdiyi töhfələrə görə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülür.

Ölkəmizdə və xaricdə dəfələrlə konsert proqramları ilə çıxış edən sənətkarın sonuncu solo konserti 2019-cu il oktyabrın 12-də Bakıda, Heydər Əliyev Sarayında keçirilmiş və böyük coşqu ilə qarşılanmışdı.

Qəlbləri titrədən nəğmələrlə yaddaşlarda iz qoyan sənətkarın əziz xatirəsi heç zaman unudulmayacaq.

***

Yaqub Zurufçu sentyabrın 15-də Bakı şəhərindəki aşağı “Qurd qapısı” qəbiristanlığında (ümumşəhər qəbiristanlığı) torpağa tapşırılıb. Sənətkarın məzarı önünə Birinci vitse-prezident Mehriban Əliyeva, Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi adından əklillər qoyulub. Pandemiya şərtlərinə uyğun, məhdud şəkildə təşkil olunan mərasimdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailəsi və yaxınları iştirak edib.

Allah rəhmət eləsin.