“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin üzv olduğu Dünya İrs Şəhərləri Təşkilatının (OWHC) onlayn formatda illik iclası keçirilib.

İdarədən bildirilib ki, iclasda bir sıra təşkilati məsələlər və gələcək fəaliyyət istiqamətləri müzakirə edilib. Həmçinin “İrs naminə Jean-Paul-Lallier mükafatı”nın və “Yeni başlanğıc. Yeni baxış. Yeni şəhər” mövzusunda tarixi şəhərlərə həsr olunmuş beynəlxalq videomüsabiqənin qalibləri elan edilib.

İdarənin təşkilati və əlaqələndirmə dəstəyi ilə videomüsabiqədə iştirak edən Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurcan Daşdəmirova 18-21 yaş kateqoriyasında birinci yeri tutub. O, müsabiqəyə İçərişəhərlə bağlı olan “Buta” adlı video ilə qatılıb.

Onlayn iclasda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov çıxış edərək OWHC-nin yeni seçilmiş baş katibini və müsabiqə qaliblərini təbrik edib. O, çıxışında OWHC ilə İçərişəhər arasında əməkdaşlığın yüksək səviyyədə davam etdiyini vurğulayıb, eləcə də təşkilat tərəfindən keçirilən müsabiqələrin tarixi şəhərlərin beynəlxalq səviyyədə təbliği, gənclərin mədəni irs və tarixi abidələr haqqında məlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətli olduğunu bildirib.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2016-cı ildə Dünya Şəhərləri Təşkilatı ilə əməkdaşlıq edir və 2018-ci ildə təşkilatın Direktorlar Şurasının iclasına ev sahibliyi edib.