1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə İstanbulun Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru paşa və onunla birlikdə döyüşmüş 27 əsgərin dəfn edildiyi məzar-abidə kompleksi ziyarət olunub.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları Nuru paşanın məzarüstü abidəsi önünə gül dəstələri düzüblər.

Mərasimdə çıxış edən İSTAD-ın sədri Səfər Qaraqoyunlu Qafqaz İslam Ordusu və Nuru paşanın Türkiyə, Azərbaycan və bütün Türk dünyası üçün tarixi xidmətləri olduğunu bildirib. Vurğulayıb ki, 1918-ci ildə Osmanlı dövləti tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə göndərilən, Bakının erməni daşnak-bolşevik işğalından azad olunmasında böyük rol oynayan Nuru paşanın və əsgərlərinin daim dərin ehtiramla anılması iki qardaş ölkənin vətəndaşlarının onlara vəfa borcudur.

Bildirilib ki, Osmanlı ordusu Bakının azad olunması üçün keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verib. 1918-ci ildə Bakının azad edilməsinin tariximizin ən böyük zəfərlərindən biri olduğunu deyən Səfər Qaraqoyunlu qeyd edib ki, aradan uzun illər keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusunun qardaşlıq köməyi heç vaxt unudulmayacaq və Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.

Azərbaycanın müstəqilliyi yolunda canından keçən bütün soydaşlarımızın daim rəhmətlə anıldığını bildirən S.Qaraqoyunlu deyib: “Əsrlər boyu davam edən Türkiyə-Azərbaycan həmrəyliyi Azərbaycanın 44 günlük Vətən müharibəsində də özünü göstərdi. Keçmişdə və bu gün olduğu kimi, bu birlik tarix durduqca davam edəcək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.

Tədbirdə ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Mehparə SULTANOVA
Ankara