Pandemiyanın bir il gecikdirdiyi mədəniyyət şöləni gerçəkləşdi
Məlum olduğu kimi, Özbəkistanın qədim Xivə şəhəri 2020-ci ildə TÜRKSOY-un ənənəvi layihəsi üzrə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilmişdi. Lakin ötən ilin əvvəlindən başlanan pandemiya bununla bağlı nəzərdə tutulan tədbirləri keçirməyə imkan verməmişdi. Bu üzdən TÜRKSOY tərəfindən 2021-ci il üçün paytaxt şəhər də seçilməmişdi.
Nəhayət, bir il aradan sonra Xivə şəhərində “Türk Dünyasının Mədəniyyət Paytaxtı” şöləni gerçəkləşdi. Mərasim həmçinin Özbəkistanda keçirilən “Mədəni İrs Həftəsi” ilə bir vaxta təsadüf etdi. Həftə çərçivəsində Xivə şəhərində UNESCO-nun iştirakı ilə beynəlxalq mədəniyyət forumu (14–15 sentyabr) da təşkil olunub.
Sentyabrın 14-də Xivənin İçanqala tarixi qoruğunda şəhərin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi münasibətilə açılış mərasimi keçirilib. Mərasimdə TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, UNESCO Baş katibinin müavini Gabriella Ramos, Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov, TÜRKSOY-un üzvü olan ölkələrin mədəniyyət nazirləri, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı, Xaricdə Yaşayan Türklər və Əqrəba Toplumlar Başqanlığının (YTB) sədr müavini Sait Yusuf və digər təşkilatların nümayəndələri, Özbəkistanın mədəniyyət xadimləri, Türk dünyasından sənətçilər iştirak ediblər.
Təntənəli mərasim və konsertdən əvvəl TÜRKSOY-un “Türk Dünyasının Mədəniyyət Paytaxt”ı layihəsini, bu ada layiq görülmüş şəhərlərin tarixi-mədəni irsini, gözəl görüntülərini əks etdirən fotosərgi açılıb.
Açılış mərasimində çıxış edən Aziz Abduhakimov qonaqları salamlayıb, Xivənin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunmasına görə TÜRKSOY-a minnətdarlıq edib. Özbəkistan Baş nazirinin müavini bundan sonra da təşkilat çərçivəsində əlaqələrin inkişafı istiqamətində daha böyük layihələrin həyata keçirilməsinə əmin olduğunu bildirib. Diqqətə çatdırıb ki, bu mühüm tədbirdə təkcə türkdilli ölkələrdən deyil, ümumilikdə dünyanın 60-dan çox ölkəsindən 300-dən artıq nümayəndə iştirak edir.
TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı təşkilatın ənənə halını alan layihələri sırasında “Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsinin xüsusi əhəmiyyətini qeyd edib: “Bu layihə Türk dünyasında bir coşqu, canlanma yaradır. Hər il Türk dünyasının bir qədim şəhərinin mədəniyyət paytaxtı elan olunması xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, mədəniyyət və sənət adamlarının daha da yaxından əməkdaşlıq etməsinə zəmin yaradır. Bu gün tarixi, memarlığı, mədəniyyəti və əcdadlarımızın irsini qoruyub saxlayan muzey şəhərimiz 2020-ci il “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Xivədə də Türk dünyasını bir araya gətirməkdən məmnunuq”. Bilal Çakıcı çıxışı zamanı TÜRKSOY-un digər layihələrindən də bəhs edib və onların qədim, müasir ümumtürk mədəniyyətinin təbliğatında rolunu vurğulayıb.
UNESCO-nun Baş direktorunun müavini Qabriella Ramos tarixi Xivə şəhərinə səfəridən məmnunluğunu ifadə edib və Xivənin bəşəriyyətin önəmli şəhərlərindən biri olduğunu bildirib. Qeyd edib ki, pandemiya şəraitində bu qədər ölkə nümayəndələrini bir araya yığmaq, sözün əsl mənasında, böyük hadisədir.
Çıxışlardan sonra səhnəyə çıxan sənətçilər Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və başqa türk coğrafiyası xalqlarının rəngarəng musiqi və rəqs nümunələrini təqdim ediblər.
Tədbir çərçivəsində Özbəkistanın milli geyim mədəniyyətini əks etdirən moda nümayişi də keçirilib.
Xatırladaq ki, TÜRKSOY-un “Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsi 2012-ci ildən həyata keçirilir. Ötən illərdə bu adı Astana (Qazaxıstan), Əskişəhər (Türkiyə), Kazan (Tatarıstan), Marı (Türkmənistan), Şəki (Azərbaycan), Türküstan (Qazaxıstan), Kastamonu Türkiyə), Oş (Qırğızıstan) daşıyıb.
Mehparə SULTANOVA
Ankara