İkitərəfli münasibətlər, turizm əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi məsələləri sentyabrın 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez arasında görüşdə müzakirə edilib.

Agentlik sədri İspaniyada keçirilən beynəlxalq turizm sərgilərinin təbliğat istiqamətində faydalı platformalar rolunu oynadığını bildirərək ölkəmizin bu sərgilərdə iştirakından danışıb. O, həmçinin yaxın gələcəkdə yeni turizm destinasiyası kimi təqdim olunacaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində turizm infrastrukturunun formalaşdırılması işləri, eləcə də planlaşdırılan layihələr haqda ispaniyalı diplomatı məlumatlandırıb.

Xanım Patrisia Serrano Sançez ikitərəfli əlaqələr və qarşılıqlı turist səfərlərinin mühümlüyünü vurğulayıb, postpandemiya dövründə qarşılıqlı turist səfərlərinin artacağından əminliyini ifadə edib.

***

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Qətərin “Katara” Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid bin İbrahim əl-Süleyti ilə görüşündə də qarşılıqlı turist mübadiləsi, eləcə də mədəni irsin idarəedilməsi üzrə təcrübə mübadiləsi məsələləri diqqətə alınıb.

Agentliyin tabeliyindəki qoruqların fəaliyyəti, irs nümunələrinin konservasiyası üzrə layihələr və planlar, Lahıc, Basqal, Şəki kimi qoruqlarda maddi mədəniyyət və sənətkarlıq nümunələrinin əsas komponent olması haqqında qonağa məlumat verilib.

Xalid bin İbrahim əl-Süleyti “Katara” mədəniyyət şəhərciyinin ölkəsinin ən çox turist cəlb edən məkanı olduğunu, bir çox beynəlxalq, regional və yerli səviyyədə festival və sərgilərə ev sahibliyi etdiyini bildirib. O, şəhərcikdə Azərbaycana həsr olunan tədbirlərin təşkilinə dəstək göstərilməsinə hər zaman hazır olduqlarını qeyd edib.

Qeyd edək ki, İspaniya və Qətər epidemioloji vəziyyətlə əlaqədar Azərbaycana səfər məhdudiyyətlərinin götürüldüyü 42 ölkə arasında yer alır.