Milli Xalça Muzeyinin direktoru Özbəkistanda beynəlxalq konqresdə çıxış edib

 

Daşkənd şəhərində “Özbəkistanın mədəni irsi – yeni renessansın bünövrəsi” adlı V Beynəlxalq Konqres keçirilib.  Özbəkistanda keçirilən “Mədəni İrs Həftəsi” (13–20 sentyabr) çərçivəsində təşkil olunan tədbirə 46 ölkədən nümayəndələr qatılıb.

Konqresdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova da iştirak edib.

Şirin Məlikova beynəlxalq tədbirdə “Azərbaycan mədəni irsinin qorunması və populyarlaşdırılmasında Milli Xalça Muzeyinin təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. O, muzeyin kolleksiyaları, onların zənginləşdirilməsi istiqamətində görülən işlər,  o cümlədən Ənənəvi texnologiya şöbəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Şöbənin işinin əsas istiqamətlərinin qədim, unudulmuş xalçatoxuma, tikmə texnikalarının dirçəldilməsi, muzey kolleksiyalarındakı xalça və tikmələrin replikalarının hazırlanması, müəllif eskizləri əsasında xalçaların yaradılması, rəssamlarla, tələbələrlə birgə iş, fiziki məhdudiyyətli insanlar da daxil olmaqla böyüklər və uşaqlar üçün xalça toxuculuğunun tədrisi və s. olduğu diqqətə çatdırılıb. Direktor burada reallaşdırılan  layihələr, keçirilən ustad dərsləri haqqında da danışıb.

Konqresdə müxtəlif ölkələrdən mütəxəssislərin 100-dən artıq məruzəsi dinlənilib.

Tədbir çərçivəsində “Özbəkistanın mədəni irsi dünya kolleksiyalarında” silsiləsindən 50 unikal illüstrasiyalı kitab-albomun təqdimatı keçirilib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoruna konqresin işində fəal iştirakına görə özbək incəsənətinin şah əsərlərinə həsr olunmuş kitab-albomlar hədiyyə edilib və müvafiq sertifikat təqdim olunub. Həmçinin “Özbəkistanın mədəni irsi dünya kolleksiyalarında” layihəsi çərçivəsində Azərbaycanda qorunub saxlanılan özbək mədəni irsinin öyrənilməsi və buna dair kitabın nəşri ilə bağlı təklif irəli sürülüb.