Tanınmış arfa ifaçısı, Əməkdar artist Çiçək Rzayeva sentyabrın 15-də, 77 yaşında vəfat edib.

Çiçək Məmmədhüseyn qızı Rzayeva 1944-cü il 13 iyun tarixində Bakıda ziyalı ailəsində dünyaya gəlib.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki BMA) fərqlənmə ilə bitirib. Müəllimi, Azərbaycanda arfa sinfinin yaradıcısı Aida Abdullayevanın məsləhəti ilə P.İ.Çaykovksi adına Moskva Dövlət Konservatoriyasında professor Vera Dulovanın sinfində iki il staj keçəndən sonra Vətənə qayıdıb.

Çiçək Rzayeva arfa musiqi alətində təkcə klassik deyil, xalq mahnılarımızın da mahir ifaçısı kimi tanınıb. O, 50 ildən çox Azərbaycan Dövlət Simfonik Orkestrinin birinci arfa ifaçısı olub. Əfrasiyab Bədəlbəyli, Kazım Əliverdibəyov, Niyazi, Azad Əliyev, Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əyyub Quliyev, Fəxrəddin Kərimov, Fuad İbrahimov və digər dirijorlarla birgə çalışıb.

Tanınmış arfa ifaçısı 2002-ci ildə Cenevrədə (İsveçrə) keçirilən VIII Dünya arfa ifaçılarının konqresində iştirak edib. 2005-ci ildən Moskvada məşhur rus arfa ifaçısı, professor V.Dulova adına Arfaçıların beynəlxalq müsabiqəsinin, 2013-cü ildə isə "Arfa-XXI əsr" Birinci beynəlxalq festival-müsabiqəsinin münsif heyətində təmsil olunub.

Əməkdar artist Çiçək Rzayeva paytaxtın Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin.