“ASAN Könüllüləri”nin "Mədəniyyət carçısı" proqramının təşkilatçılığı ilə "FotoMən 3" layihəsinin açılışı və ilkin təlim keçirilib. Layihə Azərbaycan Fotoqraflar Birliyi, Dövlət Məşğulluq Agentliyi və YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə reallaşdırılır.

Azərbaycanda ilk dəfə gənclər üçün fotoqrafiya sahəsində ödənişsiz təşkil olunmuş "FotoMən" təlim layihəsinin əsas məqsədi ölkəmizdə gənc fotoqrafların yetişməsinə töhfə verməkdir.

Layihədə müsahibə yolu ilə seçilmiş 50 iştirakçı fotoqrafiya ilə bağlı müxtəlif təlimlərdə iştirakla yanaşı, studiya çəkilişlərində iştirak edəcək, qrup işlərini və fərdi tapşırıqları yerinə yetirəcək. Həmçinin Dövlət Məşğulluq Agentliyi tərəfindən layihədə iştirak edən 15 nəfərədək gənc fotoaparat və digər texniki avadanlıqlarla təmin ediləcək.

Layihənin yekununda iştirakçıların çəkdiyi fotolardan ibarət sərgi təşkil olunacaq.