TÜRKSOY Daimi Şurasının iclası keçirilib

 

Sentyabrın 16-da Özbəkistanın Xivə şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Daimi Şurasının 38-ci iclası keçirilib. İclasa TÜRKSOY-a üzv olan ölkələrin mədəniyyət sahəsi üzrə rəhbər şəxsləri, eləcə də Türk Şurası və TÜRK PA-nın baş katibləri qatılıb. Azərbaycanın mədəniyyət naziri Anar Kərimov iclasda iştirak edib.

İclasda TÜRKSOY Daimi Şurasının axırıncı dəfə toplandığı 2019-cu ildən bu yana təşkilatın fəaliyyəti müzakirə olunub. TÜRKSOY-un növbəti ildə fəaliyyəti, o cümlədən “Türk Dünyasının Mədəniyyət Paytaxtı”, “Xatirə İli” proqramları üzrə qərarlar qəbul olunub. Türkiyənin Bursa şəhəri 2022-ci il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunub. TÜRKSOY Daimi Şurasına sədrlik Özbəkistandan Türkiyəyə keçib.