Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Xarkov şəhərinə səfəri zamanı sentyabrın 15-də Xarkov Vilayəti Şurasının sədri Tatyana Yeqorova-Lutsenko və Xarkov Dövlət Vilayət Administrasiyasının sədri Aleksandr Skakun ilə görüşüb.

Görüşdə həmçinin Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, ölkəmizin Ukraynadakı səfirliyinin ikinci katibi Samir Allahverdiyev, Xarkovdakı fəxri konsul Əfqan Salmanov, Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Rüfət Həsənov, “Turboatom” ASC-nin baş direktoru Viktor Subbotin iştirak ediblər.

Qonaqları salamlayan Tatyana Yeqorova-Lutsenko Xarkov vilayətinin Azərbaycanla çoxillik dostluq münasibətləri olduğunu vurğulayıb, iki minə yaxın azərbaycanlı tələbənin burada təhsil aldığını və müxtəlif sahələrdə əməkdaşlıq təcrübəsinin olduğunu diqqətə çatdırıb.

“Bütün plan və fikirlərimizin gerçəkləşməsi üçün səmərəli əməkdaşlıq vacibdir. Biz mədəniyyət və sənaye də daxil olmaqla müxtəlif sahələrdə bölgə üçün faydalı investisiya layihələrinin həyata keçirilməsi üçün əməkdaşlıq etməkdə maraqlıyıq. Xarici həmkarlarımı əmin etmək istəyirəm ki, Xarkov vilayəti etibarlı tərəfdaşdır. Əminəm ki, mövcud əməkdaşlıq sahələrində işlərimizi genişləndirə biləcəyik”, – deyə o qeyd edib.

Xarkov vilayətinin diplomatik platforma yaratmaq üçün hazırlıqlara başladığını bildirən Tatyana Yeqorova-Lutsenko deyib ki, platforma iş dünyasının nümayəndələri, diplomatik dairələr və hökumət arasında qarşılıqlı əlaqə və səmərəli əməkdaşlıq üçün şərait yaratmaq məqsədi daşıyır. Şura sədri qonaqları Xarkovda keçirilən film festivalına qatılmağa dəvət edib.

Səmimi görüş üçün təşəkkürünü bildirən Elnur Əliyev qeyd edib ki, Azərbaycan və Ukrayna ortaq dəyərlərə malikdir: “Biz ədalət anlayışına, insan münasibətlərinə eyni dərəcədə inanırıq. Elə buna görə də bu ölkədə yarım milyon azərbaycanlı yaşayır. Bu görüşə görə çox minnətdaram. Bizim üçün Ukrayna, o cümlədən Xarkov vilayəti vacib tərəfdaşdır”.