Xarkovda Azərbaycan diaspor nümayəndələri ilə görüş keçirilib

 

Ukraynada ən güclü diasporlardan birinin Azərbaycan diasporudur. Azərbaycan diasporu iki ölkə arasında əməkdaşlığa öz töhfəsini verir.

Bu fikri sentyabrın 15-də Xarkov şəhərində Azərbaycan diaspor nümayəndələri ilə görüşdə Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov deyib.

İqor Terexov bildirib ki, birgə mədəniyyət, sosial layihələrin həyata keçirilməsi beynəlxalq əlaqələrin əhəmiyyətli bir hissəsidir. “Xarkov istisnasız olaraq bütün sahələrdə Azərbaycanla əməkdaşlığa hazırdır”, – deyə o vurğulayıb.

Görüşdə Ukraynada səfərdə olan Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, ölkəmizin Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun həmsədri Rüfət Quliyev, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov  iştirak ediblər.

Görüşdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin Xarkovun Azərbaycan üçün tarixən əhəmiyyətli bir şəhər olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan kinosunun inkişafında xidməti olan Aleksandr Mişon Xarkovda anadan olub, Bakıda doğulan Nobel mükafatı laureatı, alim Lev Landau Xarkov Universitetində çalışıb. “Bu gün Ukraynada Azərbaycan poeziyasının klassikası Nizami Gəncəviyə abidə qoyulur. Bütün bunlar Azərbaycan ilə Ukrayna arasında tarixən dostluq münasibətlərinin olduğunun bariz nümunəsidir. Bu münasibətlərin inkişafında Ukraynada yaşayan soydaşlarımızın da böyük xidmətləri olub və bu iş uğurla davam etdirilir.”

Daha sonra çıxış edən səfir Elmira Axundova 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamından irəli gələrək, Ukraynanın Xarkov şəhərində dahi şair və mütəfəkkirin heykəlinin ucaldılmasını tarixi hadisə adlandırıb. Səfir göstərdikləri dəstəyə görə, Xarkov meriyasına, memar və layihə müəlliflərinə, Azərbaycanın Xarkovdakı Fəxri konsulluğuna, diaspor fəallarına təşəkkürünü bildirib.

Səfir sonda Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədova “Diaspor fəaliyyətində xidmətə görə” medalı, həmçinin Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanova “Pandemiya və Vətən müharibəsi dövründə göstərdiyi fəaliyyətə görə” təşəkkürnaməni təqdim edib.

Tədbirdə çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin diasporun gördüyü işlərdən danışıblar.

Görüşün sonunda mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Xarkovda Nizami Gəncəvinin abidəsinin ucaldılmasına göstərilən dəstəyə görə bir daha şəhər rəhbərliyinə təşəkkürünü bildirib və Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexova dahi şairin təsviri olan xatirə xalçası hədiyyə edib.