Mədəniyyət Nazirliyi teatr təhsili sahəsində islahatların aparılması, kadr potensialının yüksəldilməsi məqsədilə “Gənc teatr prodüserləri üçün laboratoriya” layihəsinə start verir.

Mədəniyyət Nazirliyinin Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə təşkil etdiyi prodüserlər üçün laboratoriya Azərbaycanda teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması məqsədini qarşıya qoyur. Qeyd edək ki, laboratoriya Mədəniyyət Nazirliyinin strateji hədəflərə istiqamətlənmiş silsilə layihələrinin davamıdır.

3-9 oktyabr tarixində YARAT Müasir İncəsənət Məkanında təşkil ediləcək laboratoriyada teatr təhsili sahəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan QİTİS-in prodüserlik üzrə zəngin təcrübəyə malik pedaqoqları Yelena Simurzina, Aleksandra Knyazeva, Elşən Məmmədov müasir teatr menecmenti və prodüserlik fəaliyyəti ilə bağlı bilik və bacarıqlarını bölüşəcəklər. Menecment və prodüserlik sahəsinə maraq göstərən gənclərə laboratoriyada ödənişsiz iştirak etmək imkanı yaradılır.

Təlimlərə qoşulmaq istəyənlər 30 sentyabr tarixinə qədər müraciət formasını dolduraraq, k.jafarova@mct.gov.az elektron poçt ünvanına göndərə bilər.

Ətraflı məlumat bu linkdə: http://mct.gov.az/az/umumi-xeberler/13724