“Bu gün Üzeyir bəyin və Şuşadan olan digər görkəmli mədəniyyət və incəsənət xadimlərinin ruhları şaddır”

 

Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin (1885-1948) dünyaya gəldiyi 18 sentyabr tarixi ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) kimi qeyd edilir.

Mədəniyyət tariximizin bu əlamətdar gününün tədbirlər silsiləsi ənənəvi olaraq Fəxri xiyabanda dahi bəstəkarın məzarının ziyarət olunması ilə başlandı.

Mərasimdə mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdilər.

Mədəniyyət naziri Anar Kərimov mərasimə toplaşanları Milli Musiqi Günü münasibətilə təbrik edərək bildirdi ki, bu gün mədəniyyətimizin ən əlamətdar günlərindən biridir: “Yadınızdadırsa, keçən il burada çıxış edərkən söylədik ki, ən böyük arzumuz bu günü Şuşamızda keçirməkdir. Şükürlər olsun ki, biz bu günü gördük. Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuz Şuşanı düşməndən azad etdi. Bu gün Üzeyir bəyin və Şuşadan olan digər görkəmli mədəniyyət və incəsənət xadimlərinin ruhları şaddır. Mən bir daha Vətən müharibəsində canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Musiqi bayramınız mübarək olsun”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxışında Üzeyir Hacıbəylinin musiqi dahisi kimi mədəniyyət tariximizdə rolunu qeyd edərək onu Şərqin Motsartı adlandırdı. Söylədi ki, nə qədər ki Azərbaycan xalqı var, dahi bəstəkarın ölməz irsi hər zaman yaşayacaq.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də dahi bəstəkarın ölməz irsindən söz açdılar, Milli Musiqi Gününün azad Şuşaya qayıtdığını vurğuladılar.

Çıxışlardan sonra Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) heyətinin ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası səsləndirildi.

Daha sonra mərasim iştirakçıları Fəxri xiyabanda uyuyan Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin məzarlarını ziyarət etdilər.

Mərasim iştirakçıları ümummilli lider, mədəniyyətimizin böyük hamisi, 1995-ci ildə imzaladığı fərmanla mədəniyyət təqvimimizə Milli Musiqi Gününü bəxş etmiş Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq məzarları üzərinə tər çiçək dəstələri düzdülər.

NURƏDDİN