Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycanın və Türk dünyasının görkəmli bəstəkarı, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə İspaniyada poçt markaları nəşr olunub. Sentyabrın 17-də Fondun Bakıdakı ofisində poçt markalarının təqdimatı keçirilib. Mərasimdə rəsmilər, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbirin əhəmiyyətindən söz açaraq bildirib ki, hər il Azərbaycanda ənənəvi olaraq Milli Musiqi Günü silsilə tədbirlərlə qeyd edilir: “Üzeyir Hacıbəyli o dahi şəxsiyyətlərdəndir ki, neçə-neçə nəsillərin yetişməsində, milli təfəkkürün, milli şüurun formalaşmasında, eyni zamanda Azərbaycan və bütövlükdə Türk dünyasının mədəniyyətinin və incəsənətinin inkişafında danılmaz rolu olub. Üzeyir bəyin operaları, musiqili komediyaları, ölməz romansları və digər əsərləri Türk dünyasının musiqi xəzinəsinin inciləridir. Bu il Azərbaycan, ümumilikdə Türk dünyası üçün tarixi bir ildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun tükənməz gücü ilə işğaldan azad edilmiş torpaqlarımızda artıq Üzeyir musiqisi səslənir. Üzeyir bəyin güllələnmiş heykəli artıq öz şəhərinə qovuşub. Necə ki, Qarabağ Azərbaycanın ayrılmaz parçası, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eləcə də dahi Üzeyir bəy də Azərbaycanın daimi simvollarından biridir”.

Günay Əfəndiyeva diqqətə çatdırıb ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə Türk dünyasının görkəmli şəxsiyyətlərinin irsinin təbliği məqsədilə poçt markaları çap olunur. Növbəti poçt markaları dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə İspaniyada nəşr edilərək dövriyyəyə buraxılıb.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında, o cümlədən milli musiqi təhsilinin formalaşmasında misilsiz xidmətlərindən danışıb. “Biz Azərbaycan musiqisini, Azərbaycan mədəniyyətini müxtəlif formalarda tanıtmalıyıq və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da bunu yüksək səviyyədə yerinə yetirir”, - deyə o bildirib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb: “Üzeyir Hacıbəyli bizim hər birimiz üçün müqəddəs bir insandır. Üzeyir bəy bir dərya kimi bizə yol göstərmişdir. Bizim musiqimiz qızıldır. Mən çox şadam ki, Üzeyir bəyə həsr olunmuş tədbir məhz türk evində, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilir”.

Sonra Əməkdar artistlər Sahib Paşazadənin tarda və Kamran Kərimovun nağarada müşayiəti ilə poçt markalarının möhürlənməsi mərasimi keçirilib. Zərfin üzərində yer alan Üzeyir Hacıbəyli markaları Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, təhsil naziri Emin Əmrullayev və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli tərəfindən imzalanıb.

Tədbir 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi və Müslüm Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbi şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin əsərlərindən səhnəciklərin nümayişi ilə davam edib.

Sonda uşaqlara Fond tərəfindən nəşr olunan kitabı paylanılıb.