Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə birgə 18 sentyabr – Milli Musiqi Günü münasibətilə tədbir keçirdi.

Sentyabrın 17-də gerçəkləşən tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq ümummilli lider Heydər Əliyevin müvafiq fərmanına əsasən elan olunan Milli Musiqi Gününün əhəmiyyətindən söz açdı. Bildirdi ki, böyük bəstəkar Üzeyir bəyin doğum gününü simvollaşdıran musiqimizin bayramı münasibətilə ölkəmizdə hər il silsilə tədbirlər keçirilir.

Muzeyin direktoru daha sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığından söz açdı. Diqqətə çatdırdı ki, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy bənzərsiz əsərləri ilə milli musiqi mədəniyyətimizin yoluna işıq salıb. Onun gələcək inkişaf yollarını müəyyən edib: “O, bəstəkar, musiqişünas, yazıçı, publisist, ictimai xadim, eyni zamanda müsəlman Şərqində ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi nəticəsində Azərbaycan milli opera sənətinin tarixi 113 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. 25 yanvar 1908-ci ildə Bakıda Tağıyev teatrında oynanılan tamaşanın dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə Əbdürrəhim Fərəcov çıxış ediblər”.

Çıxışdan sonra muzeyin Qədim musiqi alətləri ansamblının müşayiəti ilə Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynova, Bakı Musiqi Akademiyasının müəllimləri Nərgiz Kəngərli, Liliya İmanova, Məryəm Yusifova və tələbələrin iştirakı ilə konsert proqramı təqdim edildi.

Tədbir çərçivəsində muzeyin kolleksiyalarından görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olundu.

Savalan FƏRƏCOV