Sentyabrın 18-19-da Estoniyanın paytaxtı Tallinndə “Milli azlıqların yarmarkası” keçirilib. Azərbaycan Diasporuna Dəstək Fondundan bildiriblər ki, tədbirdə azərbaycanlı icması da təmsil olunub.
Estoniyadakı “Azərbaycan Evi” tərəfindən hazırlanmış guşədə ölkəmizin milli musiqiləri, rəqsləri, xalq geyimləri və milli mətbəximizin ləziz təamları festival iştirakçılarına təqdim edilib.
Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı kitablar, milli məhsul və suvenirlər maraqla qarşılanıb. Guşədə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanan, 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə həsr edilən “Xarıbülbül” və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan “Eternity” adlı musiqi albomları da nümayiş etdirilib.
Estoniyada yaşayan həmvətənimiz Yelena Əhmədovanın rəhbərlik etdiyi “Gratsia” rəqs qrupunun ifasında Azərbaycan milli rəqsləri və Leyla Rəhimovanın ifasında “Azərbaycan” mahnısının səslənməsi tədbiri daha da yaddaqalan edib.
Qeyd edək ki, ənənəvi yarmarka Estoniya Milli Azlıqlar Forumu tərəfindən təşkil olunur. Estoniyadakı azərbaycanlı icması 1988-ci ildə yaradılan Estoniya Milli Azlıqlar Forumunun təsisçilərindən biridir.