Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə elan etdiyi “4.4 Qısa Tamaşalar Festivalı”na əsər qəbulu davam edir. Festival 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizə həsr olunub.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı festivalda “Zəfər yolu” tamaşası ilə iştirak edəcək. Səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədov, rejissor assistenti Rahib Axundov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssamı Vadim Kuskovdur. Əsas rollarda Əməkdar artist Gülər Nəbiyeva, aktyor Anar Seyfullayev və başqaları çıxış edəcək.
Tamaşada hadisələr döyüş meydanında cərəyan etmir. 44 günlük müharibə ölkəmizdə və dünyanın hər yerində yaşayan azərbaycanlıların beynində, ürəklərində, yaşantılarında baş verən hadisələrə münasibətdə göstərilir. Ön cəbhədə gedən gərgin döyüşlər qələbəyə hər gün bir addım daha yaxınlaşdıqca arxa cəbhədə qürurla izlənir. Ölkənin taleyüklü dönəmində nümayiş etdirilən həmrəyliyimiz tamaşanın ana xəttini təşkil edir.