Sentyabrın 20-də ABŞ-ın Nyu-York şəhərində “Türk Evi”nin açılışı olub. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Baş katibi Antoniu Quterreş və BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn dövlət və hökumət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən Rəcəb Tayyib Ərdoğan “Türk Evi”nin türk mədəniyyətində müstəsna yeri olan lalə simvolundan ilhamlanaraq, Səlcuqlu və Osmanlı motivləri əsaslı müasir memarlıq əsəri olduğunu deyib: “Bu möhtəşəm əsərdə tarixi və ənənəvi memarlığın zərifliyi Nyu-York siluetində əks olunub. Qürur duyuruq ki, Türkiyə bu əsəri ilə böyüklüyünü və artan gücünü əks etdirən şah əsər yaradıb”.

“Türk Evi”ndə Türkiyənin BMT yanında Daimi Nümayəndəliyi və Nyu-Yorkdakı Baş Konsulluğu, eyni zamanda Şimali Kipr Türk Respublikasının Nyu-Yorkdakı Konsulluğu yerləşəcək.

“İnanıram ki, siyasi, iqtisadi və mədəni tədbirlərə ev sahibliyi edəcək yeni binamız əsl cazibə mərkəzi rolunu oynayacaq. “Türk Evi” ABŞ-da yaşayan Türkiyə vətəndaşları və dost icmaların yeni evi olacaq”, – deyə Ərdoğan vurğulayıb.

Prezident binanın BMT-nin mənzil-qərargahı ilə üz-üzə yerləşməsinin xüsusi əhəmiyyət daşıdığını deyib: “BMT-yə və barışa olan inancımız sonsuzdur. Cümhuriyyətimizin 100-cü ildönümü olan 2023-cü ilə qədər gedən prosesdə “Türk Evi” beynəlxalq aləmdəki yerimizin bir əksi olacaq”.

Açılış mərasimində çıxış edən BMT-nin Baş katibi Antoniu Quterreş bölgədə sülhün təmin olunmasında roluna görə Türkiyə rəhbərinə təşəkkür edib, “Türk Evi”nin də bu yolda uğurlu fəaliyyətlərə ev sahibliyi etməsini diləyib.