Prezident və birinci xanım Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak ediblər

 

Müasir dünyada hər bir ölkənin gələcəyi onun təhsilinin səviyyəsi ilə ölçülür. Bu baxımdan Azərbaycanda dövlət səviyyəsində çox əhəmiyyətli layihələr ardıcıl şəkildə həyata keçirilir. Görülən bütün bu işlər yüksək intellektə malik insan kapitalının yetişməsində, beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin qurulmasında mühüm rol oynayır, peşəkar insan resurslarının təmin edilməsinə böyük töhfə verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 21-də paytaxtdakı Ağ Şəhərdə Bakı Avropa Liseyi üçün inşa edilən 1560 şagird yerlik yeni binanın açılışında iştirak ediblər.

İnşasına ötən il başlanılan tədris müəssisəsində sinif otaqları, laboratoriyalar, fənn kabinetləri, kino məktəb, rəsm, diplomatiya, kiçik elmlər akademiyası otaqları, art-studio da şagirdlərin ixtiyarına veriləcək. Buradakı şərait istedadlı şagirdlərin intellektual və yaradıcı potensialının üzə çıxarılması və inkişafına imkanlar yaradır.

***

Prezident İlham Əliyev yeni tədris ilinin başlanması ərəfəsində Bakının Sabunçu rayonundakı 307 və 71 saylı tam orta məktəblərdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə də tanış olub.

Qeyd edək ki, 22 sentyabrda başlanan 2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil müəssisələrində ümumilikdə 1 milyon 590 minə yaxın şagird təhsil alacaq. O cümlədən ümumtəhsil məktəblərinin I sinfinə 158 mindən çox uşaq gedəcək.