Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti və bu ölkənin “Kitab dünyası” qəzetinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın yeni çapdan çıxmış “Addım-addım Özbəkistan” kitabının onlayn təqdimatı keçirilib.

Təqdimatda Özbəkistanın tanınmış dövlət nümayəndələri, hər iki ölkədən mədəniyyət, ədəbiyyat və elm xadimləri, yazarlar iştirak edib.

Tədbiri giriş sözü ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq iki ölkə arasında tarixi dostluq, qardaşlıq əlaqələrindən söz açıb. O, Türk Şurasının üzvü olan dövlətlərimizin əməkdaşlığının günü-gündən inkişaf etdiyini diqqətə çatdırıb.

AMM-in direktoru Qənirə Paşayevanın Azərbaycan və Özbəkistan, ümumən türk dövlət və topluluqları arasında dostluq, qardaşlıq bağlarının möhkəmlənməsi istiqamətində fəaliyyəti barədə söhbət açaraq millət vəkilinin Özbəkistana səfərlərini xatırladıb. Vurğulayıb ki, “Addım-addım Özbəkistan” kitabının əsas hissələri də məhz səfər təəssüratlarıdır. O, kitabın qardaş ölkədə böyük maraq və sevgi ilə qarsalandığını da bildirib.

Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov “Addım-addım Özbəkistan” kitabının Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin elan etdiyi “Yeni Özbəkistan” çağırışlar və islahatlar hərəkatına böyük bir töhfə olduğunu, Özbəkistanın Türk dünyası ölkələri arasında tanıdılmasına xidmət etdiyini qeyd edib. Səfir kitabı Özbəkistan-Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsi yolunda bir lokomotiv kimi səciyyələndirib. O, türk xalqları arasında dostluq əlaqələrinin daha da genişləndirilməsi və bu cür layihələrin həyata keçirilməsinin Özbəkistan dövlətinin, ölkə başçısının birbaşa diqqətində olduğunu bildirib.

Özbəkistan mədəniyyət nazirinin köməkçisi Marufcon Yuldaşev, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov da çıxışlarında kitabı yüksək qiymətləndiriblər. Nəşrin Özbəkistanda çox sevildiyi, kitabda bu ölkə haqqında heç zaman yazılmayan maraqlı məqamlara toxunulduğu qeyd edilib.

Onlayn təqdimatda Özbəkistan MEA-nın Dil, Ədəbiyyat və Folklor İnstitutunun dosenti Gülnaz Sattarova, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru, universitetdəki M.Füzuli adına Azərbaycan Mərkəzinin direktoru Gülbahar Aşurova, tanınmış ədəbiyyatşünas, tərcüməçi Babaxan Şərif, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı və digər çıxış edənlər kitabın məziyyətlərindən söz açıblar.

Sonda Qənirə Paşayeva çıxış edərək Azərbaycan-Özbəkistan arasında əlaqələrin günü-gündən inkişafından, genişlənməsindən sevinc hissi keçirdiyini bildirib.

Millət vəkili Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun 30 il erməni işğalı altında qalan torpaqlarımızı azad etdiyini, tarixi ədalətin zəfər çaldığını, dağıdılmış şəhər və kəndlərimizin bərpası istiqamətində böyük işlərin həyata keçirildiyini qeyd edib. O, Azərbaycan mədəniyyətinin paytaxtı elan edilmiş Şuşada möhtəşəm mədəni-ədəbi tədbirlərin gerçəkləşməsi, gələcəkdə Qarabağda keçiriləcək tədbirlərdə Türk dünyası ölkələrinin, o cümlədən Özbəkistanın da yaxından iştirakının məmnunluq yaradacağını bildirib. 

Özbəkistana səfərlərini, çoxsaylı görüşləri, maraqlı tədbirləri qeyd edən müəllif dost ölkənin hər yerində Azərbaycana, xalqımıza yüksək hörmət gördüyünü  deyib.