İstanbulda Atatürk Mədəniyyət, Dil və Tarix Qurumu nəzdindəki Türk Tarix Cəmiyyəti, Milli Müdafiə Universiteti və Fatih Hərb Tarixi Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Türk hərbi təhsil və təlim tarixi” mövzusunda beynəlxalq simpozium keçirilib.

AMEA-dan bildirilib ki, iki gün (17-18 sentyabr) davam edən simpoziumda ölkəmiz də təmsil olunub.  Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Sevinc Əliyeva “Şimali Qafqazda hərbi təhsilin inkişafında Osmanlı hərbçilərinin rolu (1918-1920)”, AMEA-nın Folklor İnstitutunun Müasir folklor şöbəsinin aparıcı elmi işçisi Tahir Orucov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi təhsilin inkişafı və Azərbaycan Respublikası ilə Osmanlı Türkiyəsi arasında hərbi əməkdaşlıq”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının əməkdaşı, polkovnik Atamalı Şahbazov “Azərbaycan Xalq Cümhuriyyətində Qafqaz İslam Ordusunun hərbi təhsil və təlim fəaliyyətləri”, AMEA-nın İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı Aqil Məhərrəmov “İslamdan qabaq türk cəmiyyətlərində hərbi musiqi və alətlər daxil olmaqla musiqi və çalğılar” mövzularında məruzələrlə çıxış ediblər.