Sentyabrın 22-də Xəzər Universitetinin Fikrət Əmirov konfrans-konsert mərkəzində “Üzeyir sənətinin gənclik sədaları” silsiləsindən “Xəzər dalğası” adlı konsert proqramı keçirildi.

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan gecədə mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdi.

Konsertdən öncə çıxış edən Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov dahi bəstəkarın adına festivalın 13-cü dəfədir keçirildiyini dedi: “Xəzər Universitetinin kamera orkestri yeddinci dəfə bu festivalda iştirak edir. Hər festivalda bir-birindən maraqlı, yeni əsərlərlə çıxış edir. Budəfəki festivalda da musiqisevərlər orkestrin ifasında yeni-yeni əsərlər eşidəcəklər”.

Daha sonra konsert proqramı təqdim olundu.

İlk olaraq orkestrin (bədii rəhbər - Zülfiyyə Sadıqova, dirijor - Orxan Həşimov) ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Arazbarı” zərbi-muğamı səsləndirildi.

Daha sonra Yulia Behbudovanın (vokal) ifasında Nikolay Rimski-Korsakovun “Seyrələn, uçan buludlar”, Frans Leqarın “Djuditta” operasından Djudittanın mahnısı və Leo Delibin “İspan mahnısı” təqdim edildi.

Xalq artisti Sərdar Fərəcovun idarəsində orkestrin ifa etdiyi Edvard Qriqin “2 elegiya”, Tomazo Albinoninin “Adajio”, S.Fərəcovun bəstəkar Nailə İsayevaya həsr etdiyi “Elegiya” və vals əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Xəzər Universitetinin müəllimi Məhsəti Cabbarova (vokal) Üzeyir bəyin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını böyük şövqlə ifa etdi. Əməkdar artist Şirzad Fətəliyevin (balaban) ifasında “Sarı gəlin” Azərbaycan xalq mahnısı musiqisevərlərin ruhunu oxşadı.

Daha sonra Əməkdar artist Fərid Əliyev (vokal) Nailə İsayevanın Hamlet İsaxanlının “Gözəldir” şeirinə bəstələdiyi eyniadlı mahnını ifa etdi.

Konsert proqramına Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” ilə yekun vuruldu.

NURƏDDİN